Bakı Metropoliteni yeni metro stansiyalarının tikintisi üçün 46,2611 hektar torpaq alacaq.
Nazirlər Kabinetinin müvafiq qərarı hökumətin saytında dərc edilib.
Nazirlər Kabinetinin qərarı ilə torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Bakı Metropoliteni müəyyən edilib.
Yeni metro stansiyasının tikintisi üçün Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllədə 3,2611 hektar torpaq sahəsi alınacaq.
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126/27 məhəllədə mövcud II xəttin "Dərnəgül" elektrik deposunun tikintisi üçün 17,09 hektar torpaq, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində "Xocəsən" elektrik deposunun tikintisi üçün isə 21,91 hektar torpaq sahəsi alınacaq.
Eyni zamanda Bakı Metropoliteninə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna müvafiq olaraq təkliflər paketini hazırlamaq və Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
“Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı”nın icrası çərçivəsində 2014-cü ilin may ayında 2, 2016-cı ildə 6 stansiyanın istifadəyə verilməsi planlaşdırılır. 2030-cu ilə qədər metropolitenin Bakıda stansiyalarının ümumi sayı 76, metro xətlərinin ümumi uzunluğu 109 km təşkil edəcək.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 23 stansiyadan ibarətdir. Bakı Metropolitenində sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər təşkil edir.