Çərşənbə axşamı Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, spiker Oqtay Əsədov Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.
Növbədənkənar sessiyanın son iclasında parlament Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələrinə 57 hakimin namizədliyini təsdiq edib.
Bundan başqa, Milli Məclis 2013-cü il avqustun 1-dən Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi barədə qərar qəbul edib.
Plenar iclasda həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul edilib.