Bakıda türk dünyası gənc yazıçı və şairlərinin toplantısı keçirilir. Bu barədə çərşənbə axşamı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Almaniya, Ukraynanın Krım Muxtar Respublikası, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərləri, Başqırdıstan, Saxa, Çuvaşıstan respublikalarından, Moldovanın Qaqauz Yeri məkanından gəlmiş ədiblər iştirak edirlər.
Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı təşkilat haqqında məlumat verərək bildirib ki, DTGYB 1998-ci ildə Qazaxıstanda yaradılıb. Ötən 15 il müddətində təşkilat tərəfindən bir çox layihələr həyata keçirilib, kitablar nəşr etdirilib.
Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva çıxış edərək türk dünyasının ədiblərinin bir-birini yaxından tanımasında birliyin əhəmiyyətli rol oynadığını bildiriblər. Deputatlar xalqlar arasında birliyin və həmrəyliyin yaradılmasında yazıçı və şairlərin üzərinə böyük iş düşdüyünü vurğulayıb və quruma gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə təşkilatın 15 illik fəaliyyəti dövründə böyük nailiyyət qazanan, ədəbi uğurlara imza atan ədiblərə birliyin mükafatları təqdim edilib.
Forumda şairlər öz şeirlərini söyləyiblər.
Dünya Gənc Türk Yazarlar Birliyinin “Türk dünyası gənc yazarlarının Bakı toplantısı” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir və üç gün davam edəcək.