Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 2-də Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb.
Söhbət zamanı ölkələrimizin enerji, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.