Azərbaycanın uğurlu inkişafı bizi istəməyən qüvvələri məyus edir. Bu barədə prezident İlham Əliyev Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bəyan edib.
“Azərbaycanın bugünkü uğurlu inkişafı realdır. Bu, bizi, dostlarımızı sevindirir, bizi istəməyən qüvvələri isə məyus edir. Azərbaycan həddindən artıq önəmli ölkəyə çevrilib. Azərbaycanın coğrafi vəziyyəti, bizim geosiyasi məsələlərlə bağlı tutduğumuz mövqe, enerji resurslarımız, nəqliyyat infrastrukturumuz, digər amillər, yəni, iqtisadi inkişaf, Azərbaycanın siyasi cəhətdən güclü ölkə olması, əlbəttə ki, bizə diqqəti artırır”, - deyə dövlət başçısı bildirib.
“Əlbəttə, Azərbaycan bir güclü dövlət kimi bəzi dairələr üçün böyük maraq doğurur. Biz buna etiraz etmirik. Çünki biz beynəlxalq aləmin bir parçasıyıq və bu gün beynəlxalq aləmin ən ali qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük. Dünyada bundan yuxarı səviyyə yoxdur. Biz bütün əməkdaşlığa açığıq və beynəlxalq əməkdaşlıq üçün öz konkret addımlarımızı atırıq”, - deyə dövlət başçısı vurğulayıb.
“Ancaq bir daha demək istəyirəm ki, bütün ölkələrlə, bütün qurumlarla bizim münasibətlərimiz qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulur. Bir-birinin işinə qarışmamaq prinsipi bizim üçün əsasdır. Bu, bizim prinsipial mövqeyimizdir. Bu mövqe ədalətə və beynəlxalq hüquq normalarına söykənir. Ancaq şübhə yoxdur ki, Azərbaycanı öz tərəfinə çəkmək, müəyyən dərəcədə bizim siyasətimizə təsir etmək cəhdləri var. Buna oxşar digər cəhdlər bu gün də var, gələcəkdə də olacaqdır. Əsas odur ki, Azərbaycan dövləti öz müstəqil siyasətini aparır və aparacaq. Bu müstəqil siyasətin təməlində Azərbaycan xalqının iradəsi dayanır və eyni zamanda, Azərbaycanda hökm sürən sabitlik və ictimai-siyasi asayiş bizim gücümüzü daha da artırır”, - deyə İ.Əliyev qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək.
“Bu gün müstəqil Azərbaycan region üçün sabitləşdirici bir amildir. Biz sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz. Daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik var. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, - onlara heç qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra. Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox açıq-aydın görür. Görür ki, kim ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir. Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik. Polis orqanlarının da bu işdə çox böyük rolu var. Əminəm ki, polis işçiləri həmişə olduğu kimi, dövlətə, dövlətçiliyə öz sədaqətini göstərəcəklər”, - deyə prezident söyləyib.
“Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma “narıncı inqilab” etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxt - 2005-ci ildə vəziyyət indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq qurumlar tərəfindən təzyiqlərə də məruz qalırdı. İndi əlbəttə ki, bizə heç kim təzyiq edə bilməz və deyə bilərəm ki, bu cəhdlər artıq tükənibdir. Amma o vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaq. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər. Bu gün də demək istəyirəm ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə öz layiqli cavabını verirlər və verəcəklər. Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaq”, - deyə İ.Əliyev vurğulayıb.