İordaniya Senatı erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş soyqırımı pisləyir.
Bəyanatda Azərbaycan xalqının Xocalıda məruz qaldığı təcavüz pislənilir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu gün məlumat verib.
İordaniya parlamenti həmçinin Ermənistan tərəfindən məscid və müqəddəs islam abidələrinin məhv edilməsini, nəticədə islam irsinə və mədəniyyətinə ciddi ziyan dəyməsini də pisləyib.
Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş torpaqlarına dair qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi tələbi irəli sürülüb.
Senat dünya dövlətlərini ağır məişət şəraiti ilə üzləşən azərbaycanlı qaçqın və məcburi köçkünlərə öz yurd-yuvalarına qayıdanadək humanitar yardım göstərməyə çağırıb.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan - 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.