Azərbaycanda mobil telefon nömrələrinin daşınması sisteminin (Mobile Number Portability) tətbiqi avqustun 1-nə keçirilib. Bu barədə cümə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Azərbaycanda bu xidmətin tətbiqi dəfələrlə təxirə salınıb. Son dəfə bu sistemin tətbiqi mayın 1-nə təyin edilmişdi.
“Dünən qəbul edilən qərara əsasən, bu sistem avqustun 1-dən tətbiq olunacaq. Qərar mobil operatorlarına göndərilib”, - deyə Ə.Abbasov qeyd edib.
Onun sözlərinə görə, mobil operatorları təyin olunan müddətədək öhdəlikləri yerinə yetirməlidirlər.
“Hesab edirəm ki, mobil operatorlarında bu xidmətin tətbiqi üçün bütün imkanlar var”, – deyə nazir vurğulayıb.
Daha əvvəl xəbər verildiyi kimi, mobil telefon nömrələrinin daşınması layihəsinin məqsədi mobil rabitə abunəçisinin bir operatordan asılılığının aradan qaldırılmasıdır. Onun həyata keçirilməsi abunəçilərə istədikləri zaman GSM-operatorunu dəyişmək və eyni zamanda kod və nömrəni saxlamaq imkanı verəcək. Bunun üçün abunəçi yalnız operatorun dəyişdirilməsi barədə ərizə yazmalıdır.