Cümə axşamı Bakıda görkəmli akademik Həsən Abdullayevin 95 illik yubileyinə həsr olunmuş “Öncül yarımkeçirici materiallar və strukturlar” mövzusunda üçgünlük beynəlxalq konfrans keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Konfransda ABŞ, Yaponiya, Fransa, Rusiya, Türkiyə, Niderland, Almaniya və digər ölkələrin alimləri iştirak edirlər.
Alimlər yarımkeçiricilər fizikasının yeni istiqamətləri və inkişaf problemlərini müzakirə edəcəklər.
Akademik Həsən Abdullayev yarımkeçiricilər fizikasına mühüm töhfə verib. O, ilk dəfə olaraq selenli cihazlarda selenin anomal hallarını aşkara çıxarmaqla onların idarə olunması yollarını göstərib. Uzunmüddətli elektrik yaddaşlı cihazların hazırlanması və lazer üçün mürəkkəb kimyəvi tərkibli yarımkeçirici monokristalların alınması üçün bir sıra kompleks təcrübələr aparıb. Alim 1993-cü ildə vəfat edib.
Konfrans AMEA-nın Fizika İnstitutu və Prezident Administrasiyası yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə keçirilir.