Moldova ombudsmanının Ermənistan parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanatına erməni tərəfinin reaksiyası bir daha göstərdi ki, bu ölkə cəmiyyətində hər hansı dözümlülükdən söhbət gedə bilməz. Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov belə hesab edir.
“Azərbaycan son illər Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün fəaliyyətini gücləndirib və bir neçə dövlət parlament səviyyəsində bu hadisəni soyqırım kimi tanıyıb”, - deyə F.Məmmədov bazar ertəsi jurnalistlərə bildirib.
“Moldova ombudsmanı Aureliya Qriqoriu bu günlərdə Ermənistan parlamentində Ümumavropa konfransında “Dondurulmuş münaqişə zonalarında insan haqlarının qorunması” mövzusunda məruzə ilə çıxışı zamanı bəyan edib ki, “Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edərək azərbaycanlılara qarşı soyqırım törədib”. Moldova nümayəndəsinin bu fikirləri Ermənistan tərəfinin kəskin reaksiyasına səbəb olub.
F.Məmmədov qeyd edib ki, Moldova ombudsmanının bu bəyanatı göstərir ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan insanlar və institutlar baş verənlərə laqeyd qalmırlar və bu məsələ ilə bağlı öz fikirlərini bildirirlər.
“Lakin belə mövqenin məhz İrəvanda nümayiş etdirilməsi və ermənilərin bu cür reaksiyasına səbəb olması bir daha göstərdi ki, bu cəmiyyətdə hələ də problemlər var və dözümlülük barədə söhbət belə gedə bilməz”, - deyə F.Məmmədov qeyd edib.
“İnanıram ki, Moldova ombudsmanının ardınca başqaları da bu məsələ ilə bağlı prinsipial mövqelərini bildirəcəklər. Azərbaycan isə bu istiqamətdə işini gücləndirməlidir, çünki bu, artıq effekt verir”, - deyə SAM rəhbəri bildirib.