Moldova ombudsmanı Aureliya Qriqoriuyanın Xocalı soyqırımına dair bəyanatdan sonra üzləşdiyi təzyiq, təhdid və təqiblər Ermənistanın terrorçuluq siyasəti yürütdüyünü nümayiş etdirdi. Bu barədə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bəyan edib.
““Moldova ombudsmanının Xocalı soyqırımı ilə bağlı ədalətli bəyanatına erməni tərəfinin reaksiyası, bunun ardınca başlanan təqiblər və Aureliya Qriqoriuya İrəvanda edilən təzyiqlər göstərdi ki, Ermənistan rəhbərliyinin yürütdüyü terrorçuluq siyasəti özünün yeni inkişaf mərhələsinə qədəm qoyur”, - deyə o, bazar ertəsi “Qafqazda münaqişələr: tarix, müasirlik və nizamlanma perspektivləri” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Moldova ombudsmanı Aureliya Qriqoriu bu günlərdə Ermənistan parlamentində keçirilən Ümumavropa Konfransında “Dondurulmuş münaqişə zonalarında insan haqlarının qorunması” mövzusunda məruzə ilə çıxışı zamanı bəyan edib ki, “Ermənistan Azərbaycanın ərazilərinin 20%-i işğal edib və azərbycanlılara qarşı soyqırım törədib”. Bu bəyanat erməni tərəfinin kəskin reaksiyasına səbəb olub.
Elnur Aslanovun sözlərinə görə, bir neçə gün əvvəl Moldova ombudsmanının İrəvanda üzləşdiyi çətinliklər Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin terrorçuluğun açıq forması olduğunu söyləməyə imkan verir.
“Əgər hansısa ölkənin ombudsmanı Xocalı soyqırımı barədə həqiqəti söyləyirsə və bundan sonra ona qarşı təqib və təzyiqlər başlayırsa, hətta ölümlə təhdid edilirsə, bu, konstruktiv və ədalətli bəyanatlara dözülməzliyi sübut edir. İndiki halda söhbət diplomatik şəxsə edilən təzyiqdən gedir. Xocalı soyqrımı ilə bağlı fikirlərdən sonra Moldova ombudsmanı Aureliya Qriqoriu Ermənistanda qalmaq məcburiyyətində olub, çünki onu ölkədən buraxmayıblar. Bu, artıq bir neçə dövlətin Xocalıda baş verən hadisələri soyqırım faktı kimi tanıdıqları zaman baş verir”, - deyə E.Aslanov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin Xocalı soyqırımının beynəlxalq birlik tərəfindən tanınması siyasəti davam etdiriləcək.
“Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində böyük, qanayan yaradır. Xocalıda həlak olmuş insanlar əsl vandalizm aktı ilə üzləşiblər”, - deyə şöbə müdiri qeyd edib.
Elnur Aslanov vurğulayıb ki, Avropa institutları Moldova ombudsmanının Ermənistanda üzləşdiyi situasiya ilə bağlı öz prinsipial mövqelərini ifadə etməlidir.
“Əgər hansısa ölkədə digər ölkənin vətəndaşının hüquqları pozulursa, o zaman Avropa Parlamentinin deputatları toplaşmalı və bu məsələyə münasibətini ifadə etməlidir. Avropa Parlamenti insan haqlarının müdafiəsinin tərəfdarı olduğunu, ikili standartlar siyasəti yürütmədiyini nümayiş etdirməlidir. Biz Avropa Parlamentindən bu addımı gözləyirik”, - deyə o bildirib.