Rəsmi Bakı ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin intensivləşməsinə yardım etməyi xahiş edib.
“Baxmayaraq ki, bu münaqişəni dondurulmuş adlandırırlar, sizə məlumdur ki, təmas xəttində hər gün atəşkəs pozulur”, - deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Bakıda L.Kojara ilə görüşün yekunları üzrə brifinqdə bəyan edib.
“Ermənistan qoşunlarının Azərbaycan ərazilərində olması nə beynəlxalq hüquq, nə də məntiqi nöqteyi-nəzərindən qətiyyən qəbuledilməzdir. Mən fəaliyyətdə olan sədrdən Minsk Qrupunun fəallığının artırılmasını xahiş etdim. Bəli, Qarabağ problemi ilə məşğul olan həmsədrlər var, lakin ATƏT-in Minsk Qrupu özü nadir hallarda toplanır”, - deyə o vurğulayıb.
L.Kojara bəyan edib ki, Ukrayna dondurulmuş münaqişələr problemi ilə tanışdır və misal olaraq qonşu Moldovada münaqişəni qeyd edib.
“Nizamlanma problemi bizi narahat edir. Biz ATƏT-in Minsk Qrupu və həmsədrlərin fəaliyyətini dəstəkləyirik. Hərbi qarşıdurma baş verərkən insanlar əziyyət çəkirlər və belə yaralar uzun müddət sağalmır. Ona görə də biz humanitar əlaqələrin, vətəndaş cəmiyyətlərinin inkişafını dəstəkləyirik”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri bildirib.
O məlumat verib ki, E.Məmmədyarovla görüşdə həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. L.Kojara onu da qeyd edib ki, Ukrayna və Azərbaycan ikitərəfli münasibətlərin geniş gündəliyinə malikdir.