Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün formatı dəqiqləşdirmə mərhələsindədir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Həmsədrlər nazirlərlə görüşlərin hansı formatda keçiriləcəyini dəqiqləşdirib yaxın günlərdə elan edəcəklər”, - deyə E.Məmmədyarov bazar ertəsi ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə görüşün yekunları üzrə birgə brifinqdə bəyan edib.
E.Məmmədyarovun sözlərinə görə, bunun birgə görüş olacağı və ya hər nazirlə ayrı-ayrılıqda danışıqların aparılacağı hələlik məlum deyil.
“Nazirlərin həmsədrlərlə görüşləri bu ay baş tutmalıdır, lakin bu görüşlərin harada və nə zaman keçiriləcəyi hələ məlum deyil”, - deyə E.Məmmədyarov bildirib.
O, həmçinin qeyd edib ki, Bakı dəfələrlə böyük sülh sazişi üzərində işə başlamağa hazır olduğunu elan edib. Ermənistan isə bu məsələ ilə bağlı dövlət səviyyəsində qərar qəbul etməyə hazır deyil.