Qəbələ rayonunda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika birinciliyi və beynəlxalq turnir başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Fövqəladə Hallar Nazirliyinin Qəbələdə yerləşən N saylı hərbi hissəsində keçirilən tədbirin bağlanış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
Tədbir zamanı yarış iştirakçıları müxtəlif texnika və avadanlıqdan istifadə etmək bacarıqlarını nümayiş etdirblər.
Nazirliklərin nümayəndələri yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması üçün bu cür yarışların keçirilməsinin vacibliyini qeyd ediblər.
Müxtəlif bölgələrdə keçirilən zona yarışlarında yüksək yer tutan komandalar finala vəsiqə qazanıblar. Yarış iştirakçıları beş mərhələdə - “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıblar.
Turnirdə Rusiya, Qazaxıstan, Polşa, Belarus və ABŞ-dan olan təmsilçilər iştirak ediblər.
Belə ki, beynəlxalq yarışda Azərbaycan komandası birinci, Belarus təmsilçiləri ikinci, Qazaxıstan xilasediciləri üçüncü yeri tutublar.
Bundan başqa, Qəbələ, İsmayıllı və Zərdab komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.