Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bazar ertəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Fətvada bildirilir ki, Ramazan ayı bu il miladi təqvimi ilə iyulun 10-da başlayır, iyulun 9-u isə orucluğun niyyət gecəsidir.
Ayın görünməsindən asılı olaraq Ramazan bayramı Şəvval ayının birinə (miladi təqvimi ilə avqustun 8-i və ya 9-na ) təsadüf edəcək.
Bundan başqa, QMİ Ramazan ayında oruc tutan müsəlmanlara yardım olaraq xüsusi cədvəl tərtib edib. Cədvəldə qeyd edilən qaydaya riayət olunmasını təmin etmək qazılara, yerlərdə səlahiyyətli nümayəndələrə, axundlara və imamlara tapşırılıb.
Cədvələ əsasən, Qədr gecələri (Quranın göndərildiyi gecəni dindarlar dua etməklə keçirməlidir – İF-Az) Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.