Azərbaycan İnquşetiya Respublikası ilə əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bazar ertəsi Azərbaycan-Rusiya biznes forumunda çıxışı zamanı bəyan edib.
“Azərbaycan Rusiya ilə əməkdaşlığa böyük önəm verir. Bu qarşılıqlı əlaqələr bütün sahələrdə uğurla inkişaf edir və artıq strateji səviyyəyə çatıb. İki ölkə arasında qarşılıqlı mal dövriyyəsinin artımı 2013-cü ilin 5 ayı ərzində 38% təşkil edib, eləcə də həm Rusiya, həm də Azərbaycan tərəfindən investisiyaların həcmi və investorların sayı artır”, - deyə Ş.Mustafayev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan RF regionları ilə əməkdaşlığa xüsusi diqqət ayırır. “Hazırda ölkəmiz RF-nin 83 regionundan 71-i ilə uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq fəal xarakter daşıyır. Bu aspektdə RF-nin Şimali Qafqaz regionu ilə əməkdaşlığı xüsusilə qeyd etmək istəyirəm. Ancaq təəssüf ki, İnquşetiya Rerspublikası ilə hələ ki, yaxşı layihələr həyata keçirilməyib”, - deyə nazir bildirib.
O qeyd edib ki, İnquşetiya hökumətinin başçısı Musa Çiliyevin Azərbaycana bu səfəri uğurlu əməkdaşlığın inkişafı üçün təkan olacaq.
M.Çiliyev söyləyib ki, hər iki respublikanın əməkdaşlıq üçün böyük potensialı var və onun inkişaf etdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə etmək çox vacibdir.
M.Çiliyev jurnalistlərlə söhbət zamanı deyib ki, İnquşetiya Respublikasında istixana komplekslərinin yaradılması planlaşdırılır. “Biz Azərbaycan şirkətlərinə bu istixana komplekslərinin yaradılmasına investisiya qoymağı təklif edirik, bu, onlara Rusiya bazarlarına sərhəd prosedurları olmadan məhsul tədarük etməyə imkan verəcək”, - deyə o qeyd edib.
M.Çiliyev həmçinin bildirib ki, Azərbaycanda gözəl turizm infrastrukturu yaradılıb. “Biz əhalimizin buradakı kurortlara gəlməsi üçün təşviqat aparacağıq”, - deyə o əlavə edib.