Azərbaycanın şimal-qərb regionunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, daha 1 nəfər ağır yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun 84-cü kilometrliyində Qax rayonunun Qıpçaq kəndi ərazisində “VAZ-21011” markalı avtomobil və Bakı-Balakən reysi ilə hərəkət edən “Mercedes” markalı sərnişin avtobusu toqquşub.
Qəza nəticəsində “Jiquli”nin sürücüsü hadisə yerində həlak olub, onun iki sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.