Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xaçmaz rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Xaçmaz rayonunda müasir heyvandarlıq komplekslərinin, kiçik və orta həcmli bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, müasir çörək istehsalı zavodunun yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Xaçmaz rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 43 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat kredit verməyi planlaşdırır.