Qafqaz Müsəmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə hesab edir ki, Rusiyada Vladimir Putinin hakimiyyəti dövründə İnquşetiyanı tərəqqi gözləyir.
“Hesab edirəm ki, Vladimir Putin, həmçinin İnquşetiyanın başçısı Yunusbek Yevkurovun rəhbərliyi altında biz İnquşetiyanın çiçəklənməsinin şahidi olacağıq”, - deyə A.Paşazadə çərşənbə axşamı İnquşetiya hökumətinin sədri Musa Çiliyevlə Bakıda keçirilən görüş zamanı bəyan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri görüşdən məlumat verib.
“İnquşetiya xalqı bir çox əzab və müsibətlərə tab gətirib. Bu gün vəziyyət tamamilə başqadır. Qafqaz çiçəklənən məmləkətdir. İnsanların simasında sevinc, dağıdılan evlərin əvəzində isə yeni binalar görmək mənə çox xoşdur”, - deyə QMİ sədri əlavə edib.
Onun sözlərinə görə, burada çox şey rəhbərdən asılıdır: “Əgər Allah hansısa xalqı sevirsə, ona müdrik rəhbər göndərir”.
“Mən tez-tez Şimali Qafqaz respublikalarında səfərdə oluram. Biz hər zaman İnquşetiya başçısı və müfti İsa Xamxoyevlə əlaqə saxlayırıq. Allah bizə müstəqilik verib, bizim dövlət sərhədlərimiz var, lakin mənəvi cəhətdən aramızda sərhəd yoxdur – Qafqaz bizim ümumi evimizdir”, - deyə A.Paşazadə bəyan edib.
O, həmçinin Azərbaycan və RF subyektləri arasında yüksək səviyyəli səmimi münasibətlərdən məmnunluq ifadə edib.
“Dövlət başçılarının dostluq münasibətləri xalqlarımız qarşısında böyük əməkdaşlıq perspektivləri açır. Rusiya böyük ölkədir. Biz onunla mehriban qonşuluq münasibətləri saxlamağa çalışırıq. Allaha şükürlər olsun ki, Azərbaycan prezidenti İlham Əliyev bu istiqamətdə böyük addımlar atır. Dövlət başçılarımız arasında çox yaxşı və səmini münasibətlər qurulub, bu isə ikitərəfli münasibətlərdə uğurun rəhnidir”, - deyə A.Paşazadə vurğulayıb.
Şeyxin sözlərinə görə, Azərbaycan və Rusiya arasında münasibətlər bir çox hallarda iki ölkənin səfirlərindən asılıdır. Onlar bu münasibətlərin inkişafı üçün çox səy göstərməlidirlər.
A.Paşazadə həmçinin qeyd edib ki, İnquşetiya nümayəndə heyətinin QMİ və məscidi ziyarət etməsi bir daha Qafqaz ənənələrinə sadiqliyi və dinə münasibəti nümayiş etdirir.
“Çox ümid edirəm ki, Azərbaycana səfəriniz məhsuldar olacaq. Hesab edirəm ki, siyasi münasibətlər yaxşı olarsa, dini əlaqələr də yaxşı olacaq”, - deyə A.Paşazadə vurğulayıb.
İnquşetiya hökumətinin sədri A.Paşazadənin Şimali Qafqazda vəziyyətlə bağlı məlumatlı olmasından məmnunluq ifadə edib.
“Həqiqətən, İnquşetiya xalqının payına böyük əziyyətlər düşüb. Bu çətinliklər kiçik xalqları hər zaman təqib edir. Stalinin rəhbərliyi dövründə xalqımızın deportasiya olunduğu çox çətin dövrümüz olub”, - deyə M.Çiliyev qeyd edib.
Onun sözlərinə görə, İnquşetiya xalqı son illər ərzində qonşu respublikalarda müşahidə olunan müəyyən çətinliklərlə üzləşib.
“Sizin (Allahşükür Paşazadənin – İF-Az) və Azərbaycanın bütün müsəlman icmasının böyük xidməti ondan ibarətdir ki, dözümlülük və bu böhran məqamlarından çıxış siyasəti düzgün və müdrikcəsinə aparılır. Respublikamızda bütün çətin məqamlarda iştirakınız bizə məlumdur. İnquşetiya xalqı sizi çox qiymətləndirir, sizə şəxsən böyük hörmətimiz var. Azərbaycanın müsəlman icmasının İnquşetiyanın müsəlman icmasının həyatında iştirakına hörmətlə yanaşırıq”, - deyə M.Çiliyev bildirib.
“Bizim çoxlu suallarımız var. Biz məsləhətləşməliyik, sizin kimi böyük dostlara ehtiyacımız var. Deyirlər ki, insanlar dostluq edəndə Allah onlara kömək edir”, - deyə o əlavə edib.