Qırğızıstan daxili işlər nazirinin müavini Furhat Usenov barəsində qaldırılmış cinayət işinin araşdırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən müvəqqəti uzaqlaşdırılıb. Bu barədə “İnterfaks” agentliyinə çərşənbə günü respublikanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
“Bişkek şəhər prokurorluğunun qərarı əsasında daxili işlər nazirinin müavini F.Usenov müvəqqəti olaraq tutduğu vəzifədən azad edilib”, - deyə məlumatda bildirilib.
F.Usenov “Silah tətbiq etməklə xuliqanlıq” əməlinə görə cinayət məsuliyyətinə cəlb edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilib və ölkəni tərk etməmək haqqında iltizam alınıb.
Ötən ilin mart ayında F.Usenov mübahisə zamanı xidməti silahı olan TT tipli tapançadan iki dəfə atəş açıb.
“Prokurorluğun istintaq orqanları F.Usenovun nazir müavini kimi obyektiv istintaq aparılmasına mane olacağını, şahid qismində çıxış edən və onun birbaşa tabeliyində olan daxili işlər orqanlarının əməkdaşlarına təsir edə biləcəyini nəzərə alaraq tutduğu vəzifədən müvəqqəti olaraq uzaqlaşdırılmasını məqsədəuyğun hesab edir”, - deyə Baş Prokurorluqdan bildirilib.