SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Trans-Adriatik (TAP) qaz kəmərinin inşası layihəsində 20% iştirak payı əldə etməyi nəzərdə tutur. Bu barədə çərşənbə günü jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Biz TAP layihəsi ilə bağlı müvəqqəti səhmdar sazişi bağlamışıq və onun maliyyələşdirilməsində iştirak etmişik. İndi - TAP layihəsi seçildikdən sonra biz bu layihənin əsas iştirakçısı olmaq istəyirik. Gözlənildiyi kimi, SOCAR, "bp" və "Total" TAP layihəsində ümumilikdə 50% pay sahibi olacaqlar və bunun da 20%-i SOCAR-ın, 20%-i “bp”nin, 10%-i “Total”ın payına düşəcək”, - deyə R.Abdullayev bildirib.
O qeyd edib ki, bu ilin sonuna qədər konsorsiumla müvafiq səhmdar sazişi imzalanacaq. SOCAR rəhbəri əlavə edib ki, 2013-cü ilin sonunadək Avropadan olan qaz alıcıları ilə alqı-satqı müqavilələri imzalanacaq.
“Biz artıq bazarları seçmişik və qaz sifarişçilərindən təsdiqedici cavablar almışıq. Artıq qazın alqı-satqısı haqqında müqavilələr üzərində iş gedir. Onlar bu ilin sonuna qədər imzalanmalıdır”,- deyə o vurğulayıb.
R.Abdullayev xatırladıb ki, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Avropada əsas alıcıları Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan olacaq.