SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2013-cü ilin sonuna qədər Rusiyanın “Transneft” şirkəti ilə Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair danışıqları başa çatdırmağı nəzərdə tutur. Bu barədə çərşənbə günü jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Transneft”lə kommersiya danışıqları normal rejimdə aparılır. Biz hər iki tərəfi qane edəcək layihələr üzərində işləyirik”,- deyə R.Abdullayev bildirib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk neft kəməri ilə nəql edir.
2012-ci ildə SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 2 mln. 64 ton neft ixrac edib.
SOCAR 2013-cü ildə sözügedən kəmərlə 1,8 mln. ton Azərbaycan neftinin ixrac ediləcəyini bəyan edib.
Daha əvvəl R.Abdullayevə istinadən xəbər verilmişdi ki, SOCAR 2013-cü ilin sonuna qədər Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqlini davam etdirəcək.
Xəbər verildiyi kimi, RF baş naziri Dmitri Medvedev 2013-cü ilin may ayında Azərbaycan neftinin Bakı-Novorosiysk neft kəməri ilə Rusiya ərazisindən tranziti haqqında 1996-cı ildən qüvvədə olan müqavilənin ləğvinə dair sərəncam imzalayıb.
SOCAR Rusiyanın “Transneft” şirkəti ilə (Bakı-Novorosiysk neft kəmərinin Rusiya hissəsi üzrə operatoru-İF-Az) kommersiya danışıqlarını davam etdirməyə hazır olması barədə bəyanat yayıb.
“RF hökumətinin qərarı sazişin şərtlərinə tamamilə uyğundur. Təqvim ilinin başa çatmasından 6 ay öncə sazişin müddətinin dayandırılması barədə xəbərdarlıq halında həmin saziş gələn il yanvarın 1-dən (2014-cü il) etibarən dayandırılır”,- deyə məlumatda bildirilir.
Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri vasitəsilə nəqli haqqında Rusiya-Azərbaycan hökumətlərarası müqavilə hər ton üçün $15,67 tarifi ilə ildə 5 mln. ton neft nəqli nəzərdə tutur.