Bakı gələcəkdə də Kabilə dəstək göstərməkdə davam edəcək. Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın daxili işlər naziri Qulam Müctəba Patangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı belə söyləyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarov iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərdən məmnunluğunu bildirib. XİN başçısı bu münasibətlərin ənənəvi olaraq dostluq və qardaşlıq xarakteri daşıdığını, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Nazir Azərbaycanın Əfqanıstana dəstəyinin bundan sonra da davam edəcəyini qeyd edib və Ermənistan-Azərbaycan münaqişəsində Əfqanıstanın mövqeyini yüksək qiymətləndirib.
Əfqanıstanın daxili işlər naziri Qulam Müctəba Patang ölkəmizə səfərdən məmnun olduğunu bildirib və ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Qulam Müctəba Patang müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib və Azərbaycanın Əfqanıstana verdiyi dəstəyi yüksək qiymətləndirib. Əfqanıstanlı nazir həmçinin Ermənistan-Azərbaycan münaqişəsində ölkəsinin daim Azərbaycanın mövqeyini dəstəkləyəcəyini vurğulayıb.
Görüşdə, həmçinin səfərlər mübadiləsinin həyata keçirilməsi və müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd edilib.