Dövlət Sosial Müdafiə Fondu (DSMF) yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatına başlayıb. Bu barədə fonddan məlumat verilib.
“DSMF-də bu məqsədlə xüsusi “Çağrı Mərkəzi” (190-0) yaradılıb. Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub, şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər”, - deyə məlumatda DSMF sədri Səlim Müslümova istinadən qeyd edilir.
Onun sözlərinə görə, zəng edən şəxsə öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı da çatdırılacaq.
S.Müslümov deyib ki, bu proses ümumilikdə bir neçə dəqiqəyə başa çatacaq.
“Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunu son dərəcə azaldılmasına gətirib çıxaracaq”, - deyə məlumatda qeyd olunur.