Gürcüstanda səfərdə olan Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle əmindir ki, bu ölkədə prezident seçkiləri ötən ilin oktyabr ayında keçirilmiş parlament seçkiləri kimi ədalətlə keçiriləcək.
O, cümə axşamı Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə Batumidə birgə mətbuat konfransında bildirib ki, “istənilən seçki demokratiyanın möhkəmlənməsi üçün vacibdir”.
Komissarın sözlərinə görə, söhbət seçkilərdən gedərkən “mütləq ötən il Gürcüstanda şəffaf və azad şəraitdə keçirilmiş parlament seçkilərini yada salmaq lazımdır”.
“Bu, Gürcüstan tarixində demokratik çərçivədə ilk hakimiyyət dəyişikliyi idi. Prezident seçkilərinin də belə keçəcəyinə və Gürcüstanda demokratiyanın daha da möhkəmlənəcəyinə şübhə etmirəm”, - deyə Ş.Füle bildirib.
O, həmçinin B.İvanişvilinin “seçkilərin Avropa məkanına can atan ölkəyə layiq səviyyədə azad və şəffaf keçirilməsi üçün hökumətin səy göstərəcəyi” barədə bəyanatını alqışlayıb.
B.İvanişvili öz çıxışında qeyd edib ki, “Gürcüstanda hakimiyyətdə olan qüvvələrin bütün dövlət resurslarından istifadə edərək rəqibləri ilə mübarizə aparmaq və vətəndaşların azad seçiminə mane olmaq praktikasına son qoyulmalıdır”.