Cümə günü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və BMT-nin İnkişaf Proqramı arasında "Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya” Proqramının reallaşdırılmasına dair Memorandum imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən xəbər verir.
Bu proqram "Azərbaycan cəmiyyətində mina qurbanlarının və onların ailə üzvlərinin sosial-iqtisadi reinteqrasiyası" layihəsinin komponentidir.
Layihə Ağcabədi, Beyləqan, İmişli, Saatlı və Biləsuvar rayonlarından 40 nəfər minadan zərərçəkənin mikrokreditlərlə təmin olunmasını nəzərdə tutur. Layihə 15 ay müddətində davam edəcək.
“Azərbaycanda 1992-ci ildən indiyədək 3 min nəfərdən artıq insan minadan zərər çəkib, onların 500 nəfərdən çoxu həlak olub”, - deyə ANAMA-nın direktoru Nazim İsmayılov tədbirdə bəyan edib.
Onun sözlərinə görə, ANAMA 1999-cu ildən BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edir və fəal şəkildə birgə layihə və proqramlar həyata keçirir.
“Bu layihə minadan zərərçəkənlərə və onların ailə üzvlərinə dəstəyin göstərilməsini nəzərdə tutur və onların fəal həyata qayıtmasının təmin olunmasına yönəlib. Proqram çərçivəsində mikrokreditin ayrılması minalardan zərərçəkənlərə öz kiçik biznesini qurmağa və inkişaf etdirməyə imkan verəcək”, - deyə N.İsmaylov qeyd edib.
“Minalardan zərərçəkən vətəndaşlara yardım layihəsi $136 min dəyərində qiymətləndirilir və 40 nəfər minadan zərərçəkən və onların ailə üzvləri də daxil olmaqla, 160 nəfəri əhatə edəcək”, – deyə BMT-nin Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi Antonius Bruk bildirib.
Onun sözlərinə görə, minadan zərərçəkənlərə yardım proqramının yalnız texniki deyil, həm də humanitar aspektləri var.
“Proqram minadan zərərçəkənlərə və ailələrinə daha keyfiyyətli yardım və onların fəal həyata qayıtmasına dəstək göstərilməsini nəzərdə tutur”, - deyə A.Bruk vurğulayıb.
BMT-nin rezident-əlaqələndiricisinin sözlərinə görə, ANAMA və BMT-nin İnkişaf Proqramının birgə fəaliyyətinə dair gələcək planlar Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin minadan zərərçəkən şəxslərə yardımın göstərilməsi sahəsində fəaliyyətinin genişləndirilməsinə yönəlib.
“Hazırda ANAMA-nın imkanları yalnız Azərbaycanda fəaliyyətlə məhdudlaşmır. Agentlik həmçinin ərazilərin minalardan təmizlənməsi üzrə layihələrin reallaşdırılmasında digər dövlətlərin müvafiq strukturlarına dəstək göstərir”, - deyə A.Bruk vurğulayıb.