Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) təsis edildiyi dövrdən indiyədək 250 mindən artıq vətəndaşa xidmət göstərib. Bu barədə cümə günü jurnalistlərə “ASAN xidmət”in sədri İnam Kərimov məlumat verib.
“Hazırda “ASAN xidmət”də təmsil olunan idarələrin xidmətlərindən 250-dən artıq vətəndaş istifadə edib”. Bundan başqa, “ASAN xidmət” mərkəzlərinin olmadığı ərazilərin əhalisinə xidmət göstərən səyyar avtobuslarımız fəaliyyət göstərir. Son ay yarım ərzində səyyar avtobuslarımız ölkənin altı rayonunda 16 min vətəndaşa xidmət göstərib”, - deyə İ.Kərimov vurğulayıb.
Dövlət Agentliyinin sədri həmçinin məlumat verib ki, ilin sonuna kimi Azərbaycanın bütün əraziləri səyyar xidmətlərlə əhatə olunacaq.
İ.Kərimovun sözlərinə görə, avqust ayının sonunadək Bakının Yasamal rayonunda və Gəncə şəhərində “ASAN xidmət”in 2 yeni mərkəzinin açılması planlaşdırılır. “Qeyd edim ki, Gəncə şəhərində xidmət mərkəzi yaxınlıqda yerləşən rayonların əhalisinə də xidmət göstərəcək”, - deyə o izah edib.
Cümə günü “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilib. Azərbayan prezidentinin 5 fevral 2013-cü il tarixli sərəncamına əsasən, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Dövlət Proqramının layihəsini hazırlamaq tapşırılıb.
İ.Kərimov həmçinin məlumat verib ki, layihənin ilkin versiyası artıq Nazirlər Kabinetinə təqdim olunub.
“Ötən il xüsusi Dövlət Proqramı – Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı qəbul edilib. Bunu nəzərə alaraq vətəndaş cəmiyyətinin Dövlət Proqramı layihəsi ilə bağlı rəyini öyrənmək bizim üçün çox vacibdir. Bundan sonra biz sənədin son versiyasını hökumətə təqdim edəcəyik. Bizim üçün önəmli olan vətəndaşların mövqeyidir, çünki biz onların rifahı üçün hər şey edirik”, - deyə İ.Kərimov bildirib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, bu proqramın reallaşdırılması elektron xidmətlərin genişlənməsinə imkan yaradır. “Dövlət Proqramının əsas məqsədlərindən biri bürokratik əngəllərin aradan qaldırılmasıdır. Bu kontekstdə elektron xidmətlərin sayı nə qədər çox olarsa, vətəndaşlar üçün bir o qədər yaxşıdır. Ən başlıcası isə bu, vətəndaşların maraqlarıdır”, - deyə nazir müavini qeyd edib.
“ASAN xidmət” Azərbaycan prezidentinin 13 iyul 2012-ci il tarixli sərəncamı ilə təsis edilib. “ASAN xidmət” mərkəzləri vasitəsi ilə 9 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Miqrasiya Xidməti, Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi əhaliyə 23 növ hüquqi xidmət göstərir.