Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 188,6 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 2,327 min investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin kreditləşməsi 7,7 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 100 sahibkara kreditlərin ümumi həcmindən 2,2 mln. manat verilib.
Məlumatda qeyd olunur ki, SKMF cümə günü Biləsuvarda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbirdə Cəbrayıl rayonundan olan 100-dən artıq məcburi köçkün sahibkar iştirak edib.
Tədbir çərçivəsində Cəbrayıl rayonundan olan 30 məcburi köçkün sahibkara 257 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 30-a yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat kredit verməyi planlaşdırır.