2013-cü ilin I yarısında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 61,16 mln. manat təşkil edib. Bu barədə AİF-in saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2012-ci ilin I yarısında AİF-in agent bankları 34,84 mln. manat məbləğində ipoteka krediti veriblər. Beləliklə, 2013-cü ilin yanvar-iyun aylarında fondun agent bankları ipoteka kreditləşməsinin həcmini 75,5% artırıblar.
Bununla belə, cari ilin iyun ayında AİF-in agent bankları tərəfindən 18,89 mln. manat məbləğində ipoteka krediti verilib.
Ümumilikdə 2006-cı ildən 2013-cü il mayın 31-nə qədər AİF-in agent bankları 486,39 mln. manat məbləğində ipoteka krediti veriblər.
Fondun məlumatına görə, cari ilin yanvar-iyun aylarında AİF 35,64 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
2013-cü ilin yanvar-iyun aylarında AİF-in 31 mln. manat məbləğində istiqrazı yerləşdirilib. Fondun sosial ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən aldığı vəsaitlərin həcmi 20 mln. manat təşkil edib.
31 may 2013-cü il tarixinə ipoteka krediti alanların 39%-i 18-29, 33%-i 30-35 yaşlarında, 28%-i yaşı 36-dan yuxarı olan şəxslərdir.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2012-ci ildə AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 74,77 mln. manat təşkil edib.