Cümə günü Bakıda Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Koreya Milli Assambleyasının nümayəndə heyəti ilə görüşündə hərbi sahədə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
S.Əbiyev koreyalı qonaqları bölgədəki gərgin hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində zəbt olunmuş Azərbaycan torpaqları 20 ilə yaxındır ki, geri qaytarılmır. Münaqişənin dinc yolla həllinə cəhdlər göstərilməsinə baxmayaraq Ermənistan təcavüzkar siyasətini yürütməkdə davam edir. Nazirin fikrincə, Minsk Qrupunun fəaliyyəti də indiyədək nəticə verməyib. O bildirib ki, Azərbaycanın Silahlı Qüvvələrini gücləndirərək işğal olunmuş torpaqları azad etməkdən başqa yolu qalmır.
Koreyalı deputatlar Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayaraq hər iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasının önəmini ifadə ediblər.
Həmin gün S.Əbiyev Oman Sultanlığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Ahmed bin Harith al-Nabhanini də qəbul edib.
Görüşdə qonaqla müdafiə naziri arasında ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.