Urumçi şəhərində Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclası keçirilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Xarici İşlər, Sənaye və Energetika, Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələrinin daxil olduğu Azərbaycan nümayəndə heyətinə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov rəhbərlik edib.
Görüşdə nazir müavini ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin 22% artdığını, hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, rabitə, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində 70-ə yaxın Çin kapitallı şirkətin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Sincan Uyğur Muxtar Rayonu Xalq Hökumətinin sədr müavini Şı Daqan bəyan edib ki, Çin tərəfi Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir.
Tərəflər sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm, iş adamları arasında əlaqələrin genişləndirilməsi, biznes forumların, işgüzar görüşlərin keçirilməsi, hər iki ölkənin investisiya imkanları barədə informasiya mübadiləsinin aparılması və s. məsələləri müzakirə ediblər.
İclas çərçivəsində Çin şirkətləri üçün Sumqayıt Kimya Sənaye Parkının geniş təqdimatı keçirilib.
Müzakirələrdən sonra ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclasının protokolu imzalanıb.