2013-cü ilin I yarısında Azərbaycanın xarici ticarətində müsbət saldo $6 mlrd. 795 mln. 586,28 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 17,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $17 mlrd. 144 mln. 522,7 min təşkil edib (azalma 0,16%).
Bununla yanaşı, həmin dövrdə ixracın həcmi $11 mlrd. 970 mln. 54,49 min, idxalın həcmi $5 mlrd. 174 mln. 468,21 min təşkil edib. 2012-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ixrac 5,83% azalıb, idxal 16,01% artıb.
2013-cü ilin I yarısında ixrac strukturunda 83,04% neftin, 5,35% neft məhsullarının, 3,86% təbii qazın, 0,76% meyvə-tərəvəz məhsullarının, 0,17% çayın, 0,97% bitki və heyvan mənşəli yağların, 1,03% şəkərin, 0,12% spirtli və spirtsiz içkilərin, 0,27% kimya məhsullarının, 0,1% pambıq liflərin, 0,48% qara metal və ondan hazırlanan məmulatların, 0,36% alüminium və ondan hazırlanan məmulatların payına düşüb.
İdxal strukturunda 9,86% ərzaq məhsullarının, 3,06% tütün və tütün məhsullarının, 1,38% sementin, 2,33% əczaçılıq məhsullarının, 3,07% odun və oduncaqdan hazırlanan məhsulların, 12,55% qara metal və ondan hazırlanan məmulatların, 25,96% maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların ehtiyat hissələrinin, 15,08% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,73% mebelin payına düşüb.
Hesabat dövründə xarici ticarət əməliyyatlarında 3067 dövlət və özəl müəssisə və 1719 fiziki şəxs iştirak edib.
I yarımillikdə Azərbaycan dünyanın 137 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Hesabat dövründə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 23,93%-i), İndoneziya (11%), Tailand (9,33%), Almaniya (6,93%), idxal əməliyyatlarını isə Rusiya (14,41%), Türkiyə (13,75%), Böyük Britaniya (9,87%) və Almaniya (6,76%) ilə həyata keçirib.