İyulun 24-də Qəbələ şəhərində V Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər iştirak edəcəklər.
Festivalın qonaqları arasında Oksana Yablonskaya, Dmitri Yablonski, Yuri Başmet, Boris Berezovski, Nina Koqan, Aleksandr Solovyov və digər tanınmış musiqiçilər var.
Bundan başqa, Yerusəlim Simfonik Orkestri, həmçinin Kuba caz qrupunun çıxışları gözlənilir.
Festivalda Azərbaycanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestri təmsil edəcək. Xalq artistləri Yalçın Adıgözəlov, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Murad Hüseynov, Fərhad Bədəlbəyli və başqalarının çıxışı planlaşdırılır.
Festivalın son tədbirləri avqustun 6-da baş tutacaq.