Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində istehsalı qadağan edib. Bu barədə komitənin məlumatında bildirilir.
SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan araşdırma zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prossesi reqlamentləşdirən texnoloji təlimat və resepturalar mövcud deyil, istehsal yerində sanitariya qaydalarına əməl olunmur, sabit keyfiyyətdə məshul istehsalı üçün şərait yoxdur. Həmçinin müəssisədə istehsal olunan çovdar və buğda unu qarışığından hazırlanan çörəklərin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatı mövcud deyil.
Müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur və heç bir laboratoriya ilə müqavilə bağlanmayıb. Bundan başqa, məhsulun keyfiyyətinə nəzarət olunmadığı müəyyən olunub.
Aşkar olunan nöqsanlarla əlaqədar olaraq çörəkbişirmə müəssisəsində istehsal qadağan edilib, müəssisə barədə inzibati qaydada protokol tərtib olunub.