“Azəryolservis” SC 2014-cü ilə qədər Hacıqabul-Kürdəmir avtomobil yolunun 2 hərəkət zolağından 4 hərəkət zolağına qədər genişləndirilməsini başa çatdıracaq. Bu barədə SC-nin məlumatında bildirilir.
“Magistralın ümumi uzunluğu 80 km təşkil edir. Artıq torpaq işlərinin ümumilikdə 94%-i, ikiqat asfalt örtüyün salınması isə 60% yerinə yetirilib”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, görüləcək işlərə 5 yol qovşağının, 1 körpünün, müxtəlif diametrli suötürücü boruların, yeraltı keçidlərin və yaşayış məntəqələrindən keçən ərazilərdə yerli yolların tikintisi daxildir.
Hacıqabul-Kürdəmir yolunun genişləndirilməsi üzrə işlər Bak-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun 4 hərəkət zolağına qədər genişləndirilməsi çərçivəsində həyata keçirilir.