Bu gün “Azərkosmos” ASC ilə Azərbaycanın ilk özəl telekanalı ANS Müstəqil Media və Yayım Şirkəti arasında "Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında" müqavilə imzalanıb.
Telekanalın məlumatına görə, müqaviləni ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və "Azərkosmos"un İdarə Heyətinin sədri Rəşad Nəbiyev imzalayıblar.
Beləliklə, bu gündən etibarən “Azərkosmos” ASC tam kommersiya fəaliyyətinə başlayır.
Mərasimdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, “həm "Azərspace"in kommersiya fəaliyətinə keçməsi, həm də ANS-in milli peykə çıxması mühüm məsələdir. ANS TV-nin peykə çıxması telekanalın yayım keyfiyyətini artırmağa, eləcə də peykin digər imkanlarından yararlanmağa imkan verəcək. Bundan əlavə, telekanala bəzi güzəştlər ediləcək”.
“Peykin orbitə çıxarılmasına 230 mln. manat xərc çəkilib. Amma peykin 600 mln. gəlir gətirməsi nəzərdə tutulub”, - deyə nazir qeyd edib.
Daha sonra "Azərkosmos"un İdarə Heyətinin sədri Rəşad Nəbiyev ASC-nin hazırkı fəaliyyəti və gələcək planları haqqında məlumat verib. O bildirib ki, "Azərspace-1" peykinə 2 ayda 5 mln. manat vəsait daxil olub. “Peykin 15 il istifadə müddəti nəzərdə tutulsa da, 17 il istifadəsi planlaşdırılır. Bu illər ərzində 560-600 mln. manat gəlir əldə etməsi gözlənilir”, - deyə o qeyd edib.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev isə çıxışında telekanal üçün yeni imkanlar açan müqavilənin imzalanmasından qürur hissi duyduğunu qeyd edib.
Azerspace/Africasat-1 peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib.
Hazırda “Azərkosmos” ASC-nin mütəxəssisləri qurğunu Yerüstü Peyk İdarəetmə Mərkəzindən idarə edirlər. Peykə Naxçıvan MR-də yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də nəzarət etmək olar.
“Azərkosmos” ASC peykin istismarından $420 mln. xalis mənfəət əldə edilməsini gözləyir.
“Azərspase-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında) orbitə buraxılıb.
2010-cu ilin may ayında RİTN Amerikanın “Orbital Sciences Corporation” şirkəti ilə peyk istehsalı haqqında müqavilə imzalayıb. Bundan başqa, Azərbaycan Malayziyanın “MEASAT” şirkəti ilə orbital mövqeyin “Azerspace-1” peyki üçün istifadəsi haqqında uzunmüddətli icarə müqaviləsi bağlayıb.
Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
RİTN mütəxəssislərinin fikrincə, milli peykin mövcudluğu keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etməyə, kanalların sayını artırmağa imkan verəcək.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.