Azərbaycan-Türkiyə hərbi təlimləri regionda sabitlik və təhlükəsizliyin təmin edilməsində vacib rol oynayacaq. Bu barədə Silahlı Qüvvələrin Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Eyvaz Cəfərov bu gün təlimlərin açılış mərasimində bəyan edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbir Bakı yaxınlığında, Azərbaycan Silahlı Qüvvələrinin Qaraheybət Təlim Mərkəzində keçirilib.
E.Cəfərov onu da bildirib ki, bu təlimlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması baxımından çox vacibdir.
O, Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini söyləyərək qeyd edib ki, hər iki ölkə rəhbərlərinin iştirakı ilə 2011-ci ildə İzmirdə, 2012-ci ildə isə Qəbələdə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasları mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ilk dəfə keçirilən genişmiqyaslı birgə təlim yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsidir.
Qeyd olunub ki, tərəflər bu birgə təlimi keçirməklə hər iki dövlət rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra etmiş olacaqlar.
Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcək.