Rusiya prezidenti Vladimir Putin Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenin fəaliyyəti və ABŞ-ın buna münasibətinə dair jurnalistlər tərəfindən verilən sualı belə cavablandırıb: “Dövlətlərarası münasibətlər xüsusi xidmət orqanlarının qalmaqallarından daha vacibdir”.
“Rusiya-Amerika münasibətlərinin inkişafı ilə bağlı bizim öz planlarımız var. Biz özümüzü başqa ölkələr kimi aparmayacağıq. Biz müstəqil dövlətik və müstəqil xarici siyasət yürüdürük”, - deyə V.Putin bildirib.
V.Putin “İnterfaks” agentliyinin sualını cavablandırarkən bildirib: “Biz Snoudeni xəbərdar etmişik ki, Rusiya-Amerika münasibətlərinə zərər verəcək istənilən fəaliyyət bizim üçün qəbuledilməzdir”.
“Problemin mahiyyətinə gəlincə, hüquq mühafizə fəaliyyəti bununla məşğul olan adamlar üçün müəyyən xərclərlə bağlıdır. Lakin belə bir fəaliyyət ABŞ-ın təşkilatçılığı və üstəlik maliyyə, informasiya və siyasi dəstəyinin müşayiəti ilə keçirilirsə, onda bu, kifayət qədər rahat məşğuliyyətdir. Əgər kimsə ABŞ-ın özünü tənqid etmək istəyərsə, onda məsələ mürəkkəbləşir. Boliviya prezidentinin uçduğu təyyarə ilə bağlı baş verənləri buna nümunə göstərmək olar”, - deyə V.Putin bildirib.
Bundan başqa, RF prezidenti qeyd edib ki, E.Snouden öz yolunu özü seçib. “Mən belə başa düşürəm ki, o, qarşısına bütün ömrünü Rusiyada keçirmək məqsədi qoymayıb. Mən başa düşmürəm o buna necə qərar verib, lakin hər halda bu onun seçimidir”, - deyə prezident qeyd edib.