Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması probleminin müzakirəsi məqsədilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsinin tərəfdarıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Azərbaycan əvvəllər olduğu kimi indi də belə görüşün keçirilməsinin tərəfdarıdır”, - deyə E.Məmmədyarov Türkiyənin XİN başçısı Əhməd Davudoğlu ilə ikitərəfli görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il prezidentlər səviyyəsində görüşün təşkili mümkünlüyü bu günlərdə Vyanada Azərbaycan və Ermənistan XİN başçılarının ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirə etdikləri məsələlərdən biri olub.
Münaqişənin həlli perspektivlərinə toxunan nazir qeyd edib ki, azərbaycanlılar və ermənilər bir regionun sakinləri kimi birgə yaşamaqla bağlı razılığa gəlməlidirlər. “Azərbaycan və erməni icmaları bir-biri ilə körpülər qurmalıdır”, - deyə o qeyd edib.
“Lakin əsas odur ki, erməni qoşunları Azərbaycanın işğal edilmiş torpaqlarından çıxsınlar və biz sülhə nail olaq”, - deyə E.Məmmədyarov vurğulayıb.