Prezident İlham Əliyev Podolsk yaxınlığında sərnişin avtobusu və “KamAz” markalı yük avtomobilinin toqquşması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Hörmətli Vladimir Vladimiroviç, Podolsk yaxınlığında avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzulayıram”, - deyə başsağlığı məktubunda bildirilir.
İyulun 13-də Podolsk rayonunun Oznobişino kəndi yaxınlığında çınqılla dolu “KamAz” markalı yük maşını reys avtobusu ilə toqquşub. Zərbədən avtobus iki hissəyə bölünüb. Nəticədə 18 nəfər həlak olub.