İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən qanunsuz yolla saxta sərinləşdirici içkilər istehsal edilən obyekt aşkarlanıb. Bu barədə nazirliyin məlumatında bildirilir.
Ağstafa rayonu, Həsənsu kəndi ünvanında fəaliyyət göstərən "Tural" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən saxta sərinləşdirici içkilərin istehsal edildiyi müəyyən edilib.
Belə ki, müəssisə tərəfindən "tərxun" içkilərinin gigiyenik və uyğunluq sertifikatları, "düşes" içkilərinin isə uyğunluq sertifikatı olmadan istehsal edildiyi, habelə "Həsənsu" adlı tərxun və "Karona" adlı düşes içkilərinin markalanma məlumatlarında heç bir sənədə əsaslanmadan məhsulun enerji və qida dəyəri, saxlama müddəti barədə məlumatların verildiyi aşkar edilmişdir. Bundan başqa, müəssisə tərəfindən istehlakçıda Gürcüstan Respublikasında istehsal olunduğu təəssüratı yaradan formada markalanmış düşes içkilərinin də istehsal edildiyi müəyyən edilib.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən "Tural" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.