Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Caucasus 1” MMC-yə qazlı və qazsız mineral müalicəvi süfrə sularının istehsalı və satışını qadağan edib. Bu barədə komitədən məlumat verilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən “1” əmtəə nişanlı qazlı və qazsız mineral müalicəvi süfrə sularının istehsalı ilə məşğul obyektdə aparılan yoxlamalar nəticəsində bir sıra nöqsanlar aşkar edilib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisənin müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatı, istehsal olunan suların təhlükəsizlik göstəricilərinin yoxlandığını təsdiq edən sertifikatları, habelə suyun kimyəvi analizləri əsasında təbii mineral suyun minerallaşma dərəcəsi, qrupu, tipi, təyinatı, müalicəvi məqsədlərlə istifadə edilməsinə dair göstərişlər haqqında Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun müvafiq rəyi mövcud deyil.
Bundan başqa, məhsulun markalanmasında bir sıra nöqsanların olduğu da müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı inzibati xəta haqqında protokol tərtib edilib, “Caucasus 1” MMC-yə “1” əmtəə nişanlı qazlı və qazsız mineral müalicəvi süfrə sularının istehsalı və satışı qadağan edilib.