İyunun 26-da Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda keçirilən və respublikanın hərbi gücünün nümayiş olunduğu hərbi parad Ermənistan tərəfini olduqca qorxudub. Azərbaycanın hərbi eksperti Üzeyir Cəfərov belə hesab edir.
“İyunun 26-da Bakıda hərbi parad keçirildikdən sonra Ermənistanda dincliklərini tamamilə itiriblər və demək olar ki, hər gün bir bəyanatla çıxış edirlər. İlk olaraq bunu Seyran Oqanyan etdi, indi isə Bako Saakyan”, - deyə Ü.Cəfərov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Ekspertin sözlərinə görə, erməni tərəfini “Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri barədə məlumat da özündən çıxarıb”.
Azərbaycanın Dağlıq Qarabağ regionunun separatçı rejiminin rəhbəri Bako Saakyanın Bakı tərəfindən ildırımsürətli müharibə planının həyata keçirilməsinin mümkün olmaması ilə bağlı fikrini şərh edən Ü.Cəfərov vurğulayıb ki, bu barədə tamamilə başqa fikirdədir.
“Ermənistanda çox yaxşı anlayırlar ki, Azərbaycan tərəfinin hazırda malik olduğu güclü qüvvə Qarabağ probleminin bir anda həllinə gətirəcək. Onların daim belə bəyanatlarla çıxış etmələri faktı erməni tərəfinin kifayət qədər çox itki verəcəyinə əmin olduqlarını göstərir. Bu gün Azərbaycanın malik olduğu texnika qarşısında düşmənin heç bir müdafiə tikilisi, heç bir canlı qüvvəsi davam gətirə bilməz”, - deyə bildirən Ü.Cəfərov vurğulayıb ki, bu günlərdə Ermənistan mətbuatı bu barədə yazıb.
“Bu gün B.Saakyana məlumdur ki, yaxın vaxtlarda Rusiya rəhbərliyinin Azərbaycana səfəri gözlənilir. Amerikalılar Qarabağla bağlı status-kvonun dəyişməsini istəyirlər, bu səbəbdən ermənilər bu cür bəyanatlarla çıxış edirlər. Əgər bu gün erməni tərəfinin səngərlərində hərbçi çatışmırsa, bu halda onların hansı gülünc qüvvələrindən danışmaq olar? Bu gün erməni tərəfinin işğal etdiyi Dağlıq Qarabağa heç olmasa postda dayanmaları üçün Ermənistandan çağırışçılar və hərbçilər gətirilir”, - deyə ekspert bildirib.
O, Ermənistan tərəfinin “kifayət qədər qüvvə və vəsait”ə malik olmaları barədə bəyanatlarını cəfəngiyyat adlandırıb.
“Bu gün onların Ağdam yaxınlığında hərbi təlimlər keçirməsi barədə məlumat da erməni ictimaiyyətini sakitləşdirməyə yönəlib. Statistikaya əsasən, insanlar Ermənistanı və Dağlıq Qarabağı kütləvi şəkildə tərk edirlər, bu isə orada vəziyyətin ağır olduğunu göstərir”, - deyə Ü.Cəfərov vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın nümayəndələri “prezident seçkilərinin keçiriləcəyi dövrdə heç bir tərəfin, heç bir dövlətin genişmiqyaslı hərbi əməliyyatlara başlamamasına” əmin olduqlarına görə prezident seçkiləri ərəfəsində belə bəyanatlarla çıxış edirlər.
“Lakin onlar unutmamalıdırlar ki, oktyabrda keçiriləcək prezident seçkilərindən sonra bu məsələnin həllinin aktiv mərhələsi başlanacaq. Şübhə etməsinlər ki, ən ağır zərbə alacaqlar. Düşünürəm ki, Azərbaycan rəhbərliyi də bu məsələni uzatmaq fikrində deyil. Yəqin ki, 2013-cü ilin sonu - 2014-cü ilin əvvəli Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə yadda qalacaq”, - deyə Ü.Cəfərov bəyan edib.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan tərəfinin çox ümid bəslədiyi və bel bağladığı nə Rusiya, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) İrəvana kömək və hərbi əməliyyatlarda iştirak etməyəcək.
“Ermənilər bunu çox yaxşı bilirlər. Sadəcə olaraq onlar bu gün çıxılmaz vəziyyətdədirlər, bununla əlaqədar belə bəyanatlarla çıxış edirlər. Mən tamamilə arxayınam, çünki əgər erməni tərəfi bu bəyanatları verirsə, demək o, Azərbaycan ərazilərini uzun müddət işğal altında saxladığına görə tezliklə cəzalanacağı ilə əlaqədar böyük gərginlik keçirir”, - deyə Ü.Cəfərov vurğulayıb.
B.Saakyan Ermənistanın “Azq” qəzetinə müsahibəsində əmin olduğunu bildirib ki, “Qarabağ müharibəsinin yenidən başlayacağı təqdirdə Azərbaycan blitskriq edə bilməyəcək”. Onun fikrincə, Qarabağ separatçılarının ordusu erməni tərəfinin malik olduğu və belə hücumun qarşısına almağa qadir olan güclü müdafiə sistemi hesabına “düşmənə qarşı durmaq, həmçinin blitskriq cəhdini neytrallaşdırmaq” iqtidarındadır. B.Saakyan ümid edir ki, hərbi əməliyyatlar yenidən başlayarsa, bu müharibə erməni tərəfi üçün “vətəndaş müharibəsi” xarakteri daşıyacaq. Onun fikrincə, burada bütün “ermənilik” iştirak edəcək.