Azərbaycan prezidenti İlham Əliyev respublikanın şimal regionuna səfər çərçivəsində Siyəzən rayonunda bir sıra obyektlərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov prezidentə rayonda aparılan abadlıq işləri barədə məlumat verib.
İ.Əliyev Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət başçısı binada yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarında başlanılıb və iyul ayında başa çatdırılıb. İkimərtəbəli binanın ümumi sahəsi 753 kvadratmetrdir. Prezident binada yaradılmış şəraitdən razılığını bildirib.
Həmin gün İ.Əliyev Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin yeni tikilən inzibati binasında yaradılan şərait bir daha təsdiq edir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzindədir. Qeyd edilib ki, üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilib.
Dövlət başçısı həmçinin Siyəzəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, Mərkəzin yerləşdiyi ərazi Siyəzən şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Siyəzənin ən gözəl yerlərindən birinə çevirib.
Bundan başqa, İ.Əliyev Siyəzəndə Gənclər Mərkəzinin açılışında iştirak edib. Məlumat verilib ki, mərkəz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilib.
Qeyd edilib ki, 3 mərtəbədən ibarət Gənclər Mərkəzinin ümumi sahəsi 1634 kvadratmetrdir. Mərkəzdə stolüstü oyunlar, bilyard, oyun avtomatları zalları, eləcə də kafe, bar, internet klub və internet kafe fəaliyyət göstərir. Bu mərkəz rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaq.
Prezident həmçinin içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində də iştirak edib.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının vəsaiti hesabına həyata keçirilir.
Prezident İlham Əliyev Siyəzən şəhərinin su təchizatı şəbəkəsinin planı, su təchizatı və kanalizasiya qurğularının yerləşmə sxemi, kanalizasiya şəbəkəsinin planı, çirkab sutəmizləyici qurğunun sxemi ilə tanış olub.
Qeyd edilib ki, şəhərin bütün evləri su və kanalizasiya şəbəkələrinə qoşulub. İkinci Bakı kəmərindən suyun götürülməsi və şəhərə paylanması üçün 100 kubmetrlik təmizləyici su anbarının, 1000 və 3000 kubmetrlik su anbarlarının tikintisi başa çatdırılıb. Çirkab sutəmizləyici qurğunun tikintisi davam etdirilir.