Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Muzeyin yeni binasının tikintisinə bu ilin əvvəlində başlanılıb.
Dövlət başçısına məlumat verilib ki, muzeydə ideoloji tədris bölməsi yaradılıb. Burada Azərbaycan tarixinə, görkəmli şəxsiyyətlərə və dövlətçiliyə həsr olunmuş filmlər nümayiş etdiriləcək. Muzeydə eksponatların bərpası və qorunması məqsədi ilə ayrıca fond-bərpa otaqları da var. Gələcəkdə muzeyin birinci mərtəbəsində rəsm qalereyasının yaradılması planlaşdırılır.
Həmin gün İ.Əliyev Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində də iştirak edib. Qeyd edilib ki, bu, respublikada istifadəyə verilmiş sayca 38-ci Olimpiya İdman Kompleksidir.