Azərbaycanlı kinematoqrafların işi 66-cı Lokarno (İsveçrə) Beynəlxalq Film Festivalının müsabiqə proqramında yer alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Avqustun 7-17-də keçiriləcək festivalda Cənubi Qafqaz ölkələrinin filmlərinin nümayişi çərçivəsində Rüfət Həsənov və Elvin Adıgözəlovun “Buqələmun” filmi göstəriləcək.
1946-cı ildən etibarən keçirilən festival “A” kateqoriyasına (Kann, Berlin, Venesiya festivalları və s.) aiddir. Müsabiqə proqramının ən yaxşı filmi “Qızıl leopard” mükafatına layiq görülür.
İkinci mükafat “Gümüş leopard” adlanır, “Bürünc leopard” mükafatı isə ən yaxşı aktyor və aktrisaya verilir.
Bu il kino aləminin Kristofer Li, Jaklin Bisset, Otar İoseliani və digər tanınmış simaları festivalın qonaqları olacaqlar.