2013-cü ilin iyun ayında Azərbaycanda yükdaşıma tarifləri may ayı ilə müqayisədə 0,1% ucuzlaşıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Statistik məlumatlara görə, hesabat ayında dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,1%, ixrac üzrə 1,9% ucuzlaşıb, tranzit üzrə 1%, idxal üzrə 4,8% bahalaşıb.
İyun ayında sərnişindaşıma tarifləri may ayı ilə müqayisədə 0,1% bahalaşıb. Bununla yanaşı, dəmir yolu ilə beynəlxalq istiqamətlər üzrə sərnişindaşıma tarifləri 10,3% bahalaşıb.
Ötən ay avtomobil nəqliyyatı ilə yerli istiqamətlər üzrə yükdaşıma tarifləri 7,5% ucuzlaşıb.
Hesabat ayında hava nəqliyyatı ilə sərnişindaşıma tarifləri 0,8% bahalaşıb, MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 1,6% ucuzlaşıb.
İyun ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8% bahalaşıb.