Azərbaycan prezidenti İlham Əliyev respublikanın şimal regionuna səfər çərçivəsində Şabran rayonunda bir sıra obyektlərin açılış mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılış mərasimində iştirak edib. Məlumat verilib ki, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına inşa edilmiş yolun uzunluğu 36 km təşkil edir.
Qeyd edilib ki, Şabran-Pirəbədil-Zeyvə yolu 4 min sakinin yaşadığı 11 məntəqəni əhatə edir. Burada 14 metr uzunluğunda körpü də salınıb.
Şabrana səfəri çərçivəsində İ.Əliyev Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi və Taxtakörpü anbarının su ilə doldurulmağa başlanması mərasimində iştirak edib.
Prezident şəhərin girişində salınmış Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Daha sonra dövlət başçısı Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. İ.Əliyev binada yardılmış şəraitlə tanış olub. Bildirilib ki, binadakı otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.
Dövlət başçısı Şabran şəhərini içməli su ilə təmin edəcək su xəttinin və kanalizasiya şəbəkəsinin açılış mərasimində iştirak edib, “Qurtuluş” parkında yaradılmış şəraitlə tanış olub.
Qeyd olunub ki, park 1 hektar ərazini əhatə edir. Burada abadlıq və yaşıllaşdırma işləri aparılır, fəvvarələr quraşdırılır.