SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında üç yeni hasilat quyusu qazır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
2678 nömrəli quyu “Neft Daşları” yatağındakı 1887 nömrəli özüldən qazılır. Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3200 metr təşkil edir. Gözlənilən sutkalıq debit 30 ton neftdir.
Bundan başqa, yataqdakı 2521 nömrəli özüldən qazılan 2534 nömrəli quyunun layihə dərinliyi 2400 metrdir. Quyudan sutkada 15 ton neft hasil olunacağı gözlənilir.
Şirkət 2585 nömrəli özüldən 2595 nömrəli quyunun qazma işlərini davam etdirir. Quyunun layihə dərinliyi 2230 metrdir. Quyunun proqnozlaşdırılan sutkalıq debiti 30 ton neftdir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.