Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov jurnalistləri 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
“SMPDK-nın fəaliyyətini obyektiv işıqlandırdığınıza və sıx əməkdaşlığa görə sizə təşəkkür edirəm. Bizim fəaliyyətimizi hətta tənqid edə bilərsziniz, amma obyektivliyi də unutmayın”, - deyə R.Həsənov bildirib.
O söyləyib ki, dövlətin diqqət və dəstəyi sayəsində “dördüncü hakimiyyət” fəal inkişaf yolu keçib. “Mən Azərbaycanın Gürcüstanda səfiri işləyərkən bu gün olduğu kimi jurnalistlərlə müntəzəm görüşürdüm. Verilən suallardan hiss edirdim ki, bizim jurnalistlər gürcüstanlı həmkarlarından geri qalırlar. Lakin bu gün jurnalistlərimiz əsl peşəkarlara çevriliblər”, - deyə R.Həsənov vurğulayıb.
Daha sonra o, SMPDK-nın fəaliyyətini obyektiv işıqlandırmaqda fərqlənən jurnalistlərə fəxri diplomlar təqdim edib. Mükafatlandırılanlar arasında “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri İlkin Əhmədov da var.