İqtisadi İnkişaf Nazirliyi ötən həftə Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Tədbirlər Planı hazırlayacaq. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev kollegiya iclasında çıxışı zamanı bəyan edib.
Nazirliyin məlumatında qeyd olunub ki, Ş.Mustafayev dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib.
O, iclas iştirakçılarına bildirib ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, Dövlət İnvestisiya Proqramının tam icra olunması, ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi və xarici ölkələrə investisiya qoyuluşu, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, infrastruktur layihələrinin, kənd, qəsəbədaxili və qəsəbələrarası yolların, su və kanalizasiya layihələrinin tikintisinin davam etdirilməsi, müasir texnologiyaların tətbiqinin daha da genişləndirilməsi və digər sahələrdə konkret tapşırıqlar verib.